Ağır peşə sahiblərinin orucunun hökmləri

Ağır peşə sahiblərinin orucunun hökmləri

Sual: Xəstəxanada işləyən bir həkim Ramazan ayında oruc tutarkən, iftardan sonra özündə yorğunluq və diqqətsizlik (fikir dağınıqlığı) hiss edir ki, bu da onun işinə mənfi təsir edir. Bu halda onun oruc tutmamasına icazə verilirmi?

Cavab: Hər hansı bir şəxsin oruc tutması onun ruzi qazandığı işinə mane olursa, məsələn, onu işləməyə taqəti qalmayacaq dərəcədə zəiflədib əldən salırsa və ya su içməməyə dözə bilməyəcəyi həddə susuzluğa, yaxud da digər ağır vəziyyətlərə düçar edirsə, bu halda əgər həmin şəxsin işini dəyişməsi, yaxud onu, ya ehtiyatda olan puluna, ya borca, ya da başqa bir vasitəyə etimad edərək dayandırması mümkün olsa, (bunu edib) oruc tutmalıdır. Əks təqdirdə isə (yəni, işini dəyişmək və ya dayandırmaq imkanı olmadığı halda), orucun vacibliyi onun boynundan düşür. Lakin, vacib ehtiyata əsasən, belə hallarda o, işləyə bilməsi üçün tələb olunan və özünü ağır, məşəqqətli vəziyyətdən çıxara biləcəyi ən az miqdarda yemək və ya içməklə kifayətlənməlidir. (Ramazan ayından) sonra isə (sözügedən çətinliyi aradan qalxdığı təqdirdə) tutmadığı orucların qəzasını tutmalıdır, amma ona kəffarə vacib deyildir.

Sual: Mən fəhlə işləyirəm və hava isti olduğundan işimlə bərabər oruc tuta bilmirəm, belə vəziyyətdə nə etməliyəm?

Cavab: Bu halda oruc tutmağın vacibdir, əgər susuzluq, sənə ziyan edəcəyindən qorxduğun həddə çatsa və ya (susuzluqdan) halın kəskin şəkildə pisləşsə, zəruri olan miqdarda su iç və günün qalan hissəsini imsak et (yəni, orucu batil edənlərdən çəkin), sonra isə həmin günün qəzasını tut.

Sual: Çörək bişirən şəxs mübarək Ramazan ayında (oruc tutarkən) su içə bilərmi?

Cavab: Əgər sağlamlığına ziyan edəcəyindən qorxduğu həddə çatan susuzluqla üzləşsə və ya (susuzluqdan) halı kəskin şəkildə pisləşsə, içməsi caizdir və sonra (həmin günün) qəzasını tutması da vacibdir. Lakin, vacib ehtiyata əsasən, bu halda yalnız zəruri olan miqdarda su ilə kifayətlənmək və günün qalan hissəsini imsak etmək lazımdır.

Sual: Mən hər il oruc tutduğum zaman cismimin və səhhətimin zəifləməsindən əziyyət çəkirəm. Oruc olarkən gündəlik işimi doğru-düzgün qaydada davam etdirə bilmir və ayın sonuna qədər psixoloji sıxıntıda qalıram. Mənim şəri hökmüm nədir? Bildirim ki, mən memarlıq layihələri üzərində işləyən bir mühəndisəm.

Cavab: Orucu, sadəcə zəifləməyə səbəb olduğuna görə, pozmaq caiz deyil, onu yalnız, sağlamlığa ziyan etdiyi, yaxud da xəstəliyə və ya halın dözülməz dərəcədə kəskin pisləşməsinə səbəb olduğu təqdirdə pozmaq olar. Amma bu çətinliklərin yaranmasına oruc halında işləmək səbəb olarsa, onda ya iş saatlarını dəyişmək, ya onu azaltmaq, ya da başqa iş axtarmaq və eləcə də sair bu qəbil tədbirlər görmək lazımdır.

Sual: Peşəsinin tələbinə əsasən, vaxtaşırı su içməli olan təyyarə pilotunun oruc tutmasının hökmü nədir?

Cavab: Əgər Ramazan ayı ərzində qeyd olunan işlə məşğul olması dolanışığını təmin etməsi üçün zəruri sayılsa, belə ki, bu ayda həmin işi tərk edəcəyi təqdirdə ağır duruma düşəcəksə, zəruri olan miqdarda su içməsinin eybi yoxdur. (Ramazan ayından) sonra isə orucun qəzasını tutmalıdır, amma ona kəffarə vacib deyildir.

Sual: Mən İraq ordusunun əsgəriyəm və ailəmin dolanışığını da ancaq mən təmin edirəm. Ramazan ayında oruc tuta bilmirəm, çünki səhər saat 05:30-dan axşam saat 18:00-a qədər vəzifə başında oluram. Vəzifəm isə, məndən oturmamağı tələb edən çox məsuliyyətli bir vəzifədir. Belə ki, mən təhlükəsizliyə nəzarət edilən həssas bir yerdəyəm. Bildirim ki, keçən il oruc tutmağa başlasam da, tab gətirə bilmədim. Nəticədə, huşumu itirdim və məni xəstəxanaya apardılar. Mənim hökmüm nədir?

Cavab: İş əsnasında oruc tutmağınız mümkün olmadıqda, eləcə də bir neçə günlük icazə almaqla və ya hər hansı bir üzrlü səbəblə işi tərk edə bilmədikdə orucu pozub, Ramazan ayından sonra qəzasını tutmağınız caizdir. Lakin, vacib ehtiyata əsasən, bu halda ancaq işləyə bilməyiniz üçün tələb olunan və məşəqqətinizi aradan qaldıracaq ən az miqdarda yemək və ya içməklə kifayətlənməlisiniz.

Sual: Biz dövlətə məxsus yük maşınlarının sürücüləriyik və ərzaq daşımaqla məşğul oluruq. Sizdən bu fəzilətli ayın orucunu tutmağımız barədə rəyinizi bildirməyinizi istəyirik. Belə ki, biz maşın xarab olduğu, təkərləri partladığı və hamısını saya bilmədiyimiz digər vəziyyətlərdə sürücünün çəkdiyi fiziki əziyyətlərdən əlavə, işimizin əsnasında məsafənin uzun və havanın hərarətinin yüksək olmasına, eləcə də yükləmə və boşaltma yerlərində inzibati və texniki məsələlərə görə çox dözülməz əziyyətlərlə üzləşirik. Sizin bu barədə rəyiniz nədir?

Cavab: Əgər kəsirus-səfər (çox səfər edən) sayılırsınızsa, onda vəzifəniz oruc tutmaqdır. Amma, işinizi tərk etmək imkanınız yoxdursa və (oruc tutarkən də) şiddətli məşəqqət, yaxud ağır vəziyyətlə üzləşirsinizsə, bu halda oruc tutmaq niyyətilə imsak edəcəksiniz. Zərurət yarandıqda isə yemək və içməyiniz caizdir. Ehtiyata əsasən, sadəcə, ağır vəziyyəti aradan qaldıracaq miqdarda yemək-içməklə kifayətlənməlisiniz. Sonra yenə imsakı davam etdirməli və (Ramazan ayından) sonra da həmin günlərin qəzasını tutmalısınız. Kəffarə isə vacib deyildir. Müvəffəqiyyət bəxş edən Allahdır!

Sual: Biz Bəsrədə qaz şirkətində işləyirik və iş yerimiz çox uzaq ərazidə, Küveyt dövlətinə yaxın hissədədir. Elə günlər olur ki, biz 6-8 saat, hərarəti 50 dərəcədən yuxarı olan qızmar günəş şüaları altında işləyir və sudan imsak etməkdə (susuz qalmaqda) çətinlik çəkirik. Bu halda bizə oruc tutmaq vacibdirmi?

Cavab: Bir neçə günlük olsa belə, icazə almaqla və ya buna bənzər bir yolla işi dayandırmaq imkanınız olmadıqda və oruca davam etməyiniz dözülməz dərəcədə şiddətli məşəqqətə düşməyinizə səbəb olduqda fəcr vaxtı oruc niyyəti edib, yemək və ya içməyə məcbur olanadək imsak edəcəksiniz. Məcbur olduqda isə yemək və ya içməyiniz caizdir, lakin, ehtiyata əsasən, onların (yemək və ya içməyin) lazım olan qədəri ilə kifayətlənməlisiniz və başqa vaxtlarda da bu günlərin qəzasını tutmağınız vacibdir.

Sual: Oruc tutması ruzi qazandığı işinə mane olan şəxsin hökmü nədir?

Cavab: Hər hansı bir şəxsin oruc tutması onun ruzi qazandığı işinə mane olursa, misal üçün, onu işləməyə taqəti qalmayacaq dərəcədə zəiflədir və ya su içməməyə dözməyəcəyi həddə susuzluğa və digər bu kimi çətinliklərə düçar edirsə, bu halda əgər həmin şəxsin işini dəyişməsi, yaxud onu, ya ehtiyatda olan puluna, ya borca, ya da başqa bir vasitəyə etimad edərək, dayandırması mümkün olsa, (bunu edib) oruc tutmalıdır. Əks təqdirdə isə (yəni, işini dəyişmək və ya dayandırmaq imkanı olmadığı halda), orucun vacibliyi onun boynundan düşür. Lakin, vacib ehtiyata əsasən, bu halda o, işləməsi üçün tələb olunan və özünü ağır, məşəqqətli vəziyyətdən çıxara biləcəyi ən az miqdarda yemək və ya içməklə kifayətlənməlidir. (Ramazan ayından) sonra isə bu şəxs, ona müyəssər olduğu təqdirdə, tutmadığı (fövtə verdiyi) həmin orucların qəzasını tutmalıdır.

Sual: İfrat dərəcədə zəiflik halında orucu pozmaq olar?

Cavab: Zəiflik, hətta ifrat həddə olsa belə, orucu pozmağın caiz olması üçün yetərli əsas deyil. Yalnız çıxılmaz vəziyyət yarandıqda, eləcə də zəiflik, başqa işlə məşğul ola bilməyən bir insanı, qazanc əldə etməsi üçün gərəkli olan işinin qarşısında aciz qoyduqda, yaxud işləyən şəxs, susuzluq onu üstələdiyindən, oruca davam edə bilmədikdə orucu pozmağa icazə verilir və sonra onun qəzasını tutmaq vacibdir. Lazım ehtiyata əsasən, bu hallarda yalnız zəruri olan miqdarda yemək və içməklə kifayətlənməli və əlavə qidadan imsak edilməlidir.

Sual: Artıq Ramazan ayı gəlib yetişib, istidə əziyyətli əl işləri (fiziki işlər) görən işçilərin oruc tutmaları barədə sizin rəyiniz nədir? Onların orucu pozmaları caizdir, yoxsa yox? Caiz olduğu təqdirdə, əksər işçi kütləsinin gəlir və savad baxımından kasıb təbəqədən olduğunu nəzərə alaraq, bunu fətva şəklində dərc etdirib yaymaq mümkündürmü ki, hamısı bilsin, çünki bu cür isti havada əziyyətli işlərlə məşğul ola-ola oruc tutmaq huşunu itirməyə (bayılmaya) səbəb ola bilər?

Cavab: Hər hansı bir şəxsin oruc tutması onun ruzi qazandığı işinə mane olursa, misal üçün, onu işləməyə taqəti qalmayacaq dərəcədə zəiflədir və ya su içməməyə dözməyəcəyi həddə susuzluğa və digər bu kimi çətinliklərə düçar edirsə, bu halda əgər həmin şəxsin işini dəyişməsi, yaxud onu, ya ehtiyatda olan puluna, ya borca, ya da başqa bir vasitəyə etimad edərək, dayandırması mümkün olsa, (bunu edib) oruc tutmalıdır. Əks təqdirdə isə (yəni, işini dəyişmək və ya dayandırmaq imkanı olmadığı halda), orucun vacibliyi onun boynundan düşür. Lakin, vacib ehtiyata əsasən, bu halda o, yalnız işləyə bilməsi üçün tələb olunan və özünü ağır, məşəqqətli vəziyyətdən çıxara biləcəyi ən az miqdarda yemək və ya içməklə kifayətlənməlidir. (Ramazan ayından) sonra isə bu şəxs, ona müyəssər olduğu təqdirdə, tutmadığı (fövtə verdiyi) həmin orucların qəzasını tutmalıdır.

Paylaş:
Baxış sayı: 11477

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

fifteen − 15 =