12 İmama etiqad bəsləmənin əsası

12 İmama etiqad bəsləmənin əsası

Bismillahir-Rəhmanir-Rəhim

İlk öncə Həzrət Əli (ə) və onun 11 övladının “imamət” və xilafətini” təsdiq edən dəlillərin bir neçəsinə nəzər salaq:

Onu da qeyd edək ki, müxaliflər bizə: “Bunlar sizin öz fikirləriniz və mənbələrinizdə olan hədislərdir, biz bunları qəbul etmirik” – deməsinlər deyə, burada yalnız qarşı tərəfin təfsir və hədis kitablarından istifadə edəcəyik və bəzi iradları da cavablandıracağıq.

Cabir ibn Səmurədən belə nəql olunur: “Rəsulullahın (s) belə buyurduğunu eşitdim:
“Bu din, 12 xəlifənin əlində olduğu müddətcə əziz və güclü qalacaqdır.”
Cabir deyir: “Daha sonra Rəsulullah (s) bir söz söylədi amma mən eşitmədim. Atamdan soruşdum ki: “Rəsulullah (s) nə buyurdu?”,
Atam dedi: “Onların hamısı Qureyşdəndir”.

“Səhihi-müslim”, Əmrlik kitabı, hədis:1821.  “Sunəni-Tirmizi”, Fitnə kitabı, Hədis:2223.  “Sunəni-Əbu Davud”, Mehdi kitabı, Hədis:4279. “Səhihi-İbn Davud”, c.2, s.207.  “Müsnədi-Əhməd”, c.5, s.92.

“Səhihi-Müslimin” Türk dilinə tərcüməçisi bu hədisi Buxarinin də nəql etdiyini deyir. Müslim bu hədisi 9, Əbu Davud 3, Buxari 3, Tirmizi 1 və Hamidi “Cəmu-beynəs-Səhiheyn” kitabında isə 3 sənəd ilə nəql etmişdir. Hələ digərlərini saymırıq…

Bu bəzi hədislərdə “əmr”, bəzi hədislərdə “imam”, bəzi hədislərdə isə “xəlifə” ləfzi ilə gəlmişdir. Hədisdən çıxan nəticə:
1. Xəlifə 12-dir.
2. Xəlifə Qureyşdəndir.
3. Xəlifələr olduğu müddətcə islam əziz olacaqdır.

İlk öncə 12 xəlifənin kimlər olduğunu açıqlayacağıq, daha sonra isə hədis haqqında ortaya atılan şübhələrə cavab verəcəyik.

On iki xəlifə kimlərdir?

Bizim üçün heç bir şübhə yoxdur ki, burada deyilən xəlifələr Əhli-beyt (ə) imamlarıdır. Lakin bəzi təəssübkeşlər bu hədisin mənasını təhrif etməyə çalışdıqları üçün biz xəlifələrin kim olduğu haqda dəlilləri yazacağıq. Bu xəlifələrin kimlər olduğunu bəyan edən ən açıq dəlil “səqəleyn” hədisidir. Çünki səqəleyn hədisində Rəsulullah (s) insanlara yollarını azmamaq üçün şərt qoyur ki, bu şərt də ancaq Quran və Əhli-beytə sarılmaqdan ibarətdir. Məlumdur ki, burada “sarılmaq” əmri onlara itaətdir, yoxsa Quran və Əhli-beyti qucaqlamaq, bağrına basmaq deyil. Elə isə qurana itaət necə qeyri şərtsiz vacibdirsə, Əhli-beytə itaət də eyni şəkildə qeyri şərtsizdir. Yenə mütəvatir olan (inkar edilmsi mümkün olmuyan) Qədir-xum hədisi də imam Əli (ə)-ın  möminlər üçün Allah və Rəsulu kimi, “mövla” (rəhbər) olduğunu göstərir. Allah və Rəsulu necə “mövla” və “əmr sahibi”-dirsə, Əli (ə)-da o cür mövla və əmr sahibidir.

Bunlardan əlavə “Rəd” surəsinin 7-ci ayəsi də İmam Əli (ə)-ın ilk xəlifə olduğunu bəyan edir. Əhli-Şiə və Əhli-Sünnətin mötəbər mənbələrində, bu ayənin də İmam Əli (ə)-ın  barəsində nazil olduğu rəvayət olunmuşdur. İbn Abbas belə buyurur: “(Ya Muhəmməd!) Sən ancaq xəbərdar edənsən (munzirsən). Hər qövm üçün bir (hadi) yölgöstərən vardır”. – ayəsi nazil olanda Rəsulullah əlini sinəsinə qoyub: “Mən xəbərdar edənəm. Və hər qövmün bir yol göstərəni vardır”-deyərək Əliyə buyurdu: “Ya Əli! “Hadi” (yol göstərən) sənsən. Məndən sonra hidayətə çatacaq olanlar səninlə hidayətə çatacaqlar”.

Təbəri, (“Təfsii-Təbəri”, 16/357) R`əd surəsinin 7-ci ayəsinin təfsirində demişdir: “Bu hədis həsəndir, yəni isnadı doğrudur və bunu İbn Hacər Əsqəlani “Fəthul-Bari” kitabında təsdiqləmişdir. “İbn Hacər “Fəthul-Bari”, 8/226

Həmçinin Rəsulullahdan (s) belə nəql olunur: “Mən çəkindirənəm; Əli isə hidayət edəndir. Məndən sonra ey Əli! Hidayətə çatmaq istəyənlər səninlə hidayətə çatacaqlar”.  “Təfsii-Təbəri”, 13/208.  Cəlaləddin Suyuti “əd-Durrul-Mənsur”, 4/45.  “Yənbiul-Məvaddə”, 305.  “Təfsiri-Razi”, 5/271.  “Müstədrək-Hakim”, 3/129.  “Təfsiri-İbn Kəsr”, 2/502.  “Təfsiri-Şövkani”, 3/70.

Buna görə də yolunu azanlara İmam Əli (ə) minbərdən belə səslənir: “Hara gedirsiniz? Nə vaxt qayıdacaqsınız? Hidayət əlamətləri qoyulmuşdur. Dəlillər açıq aydındır. Nişanələr qoyulubdur. Nə üçün gicəllənə-gicəllənə çöllərə düşürsünüz? Niyə və nə üçün vurnuxursunuz? Peyğəmbərin nəsli aranızdadır. Onlar sizi həqiqətə aparan iplərdir. Onlar din bayraqları, həqiqətin dilləridir. Ey insanlar! Bu sözləri, bu inamı peyğəmbərlərin sonuncusundan alın: Bilin ki, bizdən olub ölənlər ölü deyillər, diridirlər”.  “Nəhcül-Bəlağə”, 4/87.

Həmçinin İbn Kəsr “Təfsiril-Quranil-Əzim” adlı təfsir kitabında, Rəd surəsinin 7-ci ayəsinin təfsirində İmam Səccad (ə)-ın vasitəsilə İmam Əli (ə)-dan nəql edir ki, ayədəki “yolgöstərən” Haşimi oğullarındandır. Həmçinin Şeyx Kuleyni  “əl-Kafi” kitabında bir neçə isnadla bənzər hədisləri İmam Baqir və İmam Sadiq (ə)-dan rəvayət etmişdir. “əl-Kafi”,1/192.

“Səqəleyn” hədisinə görə itaət yalnız Quran və Əhli-beytə vacibdir, həmçinin Qədir-xum hədisi ilə Rəd surəsinin 7-ci ayəsi İmam Əli (ə)-ın  xəlifə olduğunu göstərir.

İradlara cavab:

1-ci irad: Hədisdə “xəlifə” deyilir, ancaq sizin imamlarınız Əli və Həsən istisna olmaqla digərləri xəlifə olmayıblar.

Cavab:  Əvvəla bu, “xəlifə” sözündən kimin nə anladığına bağlıdır. Bizim əqidəmizə görə xəlifə Allahın təyini ilədir. İstər insanlar bu xəlifəyə itaət etsinlər istər üsyan etsinlər heç bir fərqi yoxdur, o yenə də xəlifədir. Bizim buna dəlilimiz də var. Məsələn Həzrət Adəm (ə) Allahın xəlifəsidir. Allah ona itaəti vacib etmişdi, lakin şeytan ona itaət etmədi, bu isə Adəmin xəlifə olmadığına deyil, şeytanın sapıq və kafir olduğuna görədir. Həmçinin Həzrət Harun Musa (ə)-ın Bəni İsrail üzərindəki, xəlifəsi olduğu halda, Bəni İsrail ona itaət etməmiş, Həzrət Harun tək qalmış, ümmət isə sapmışdı. Xəlifələrin Əhli-beyt imamları olması da aşkar dəlillərlə sabitdir, lakin ümmət Onlara itaət etməmişdir.

2-ci irad:  Hədisdə “bu 12 xəlifə olduğu müddətcə İslam əziz qalacaqdır”-deyilib. Halbuki, sizin imamlarınız dövründə müsəlmanların işləri yolunda getməyib,  kafirlər müsəlmanlara hücumlar etmiş, Müsəlmanlar öldürülmüş, qarışıqlıq olmuşdur.

Cavab:  Bu da “İslam əziz olacaqdır” sözündən nə anlamağa bağlıdır. İslamın əziz olmasından məqsəd, İslamın əsli şəklində qorunması, bid`ət və sapıqlıqdan uzaq olması, şəxsi fikirlərdən, qiyas ilə hökm verməkdən uzaq və təmiz qalmasıdır ki, bu da yalnız “İsna əşəriyyə” 12 imam məzhəbində belədir. 12 imamı qəbul etməyən məzhəblərdə isə sapıqlıqlar, küfr əqidələr ortadadır, cism olan Allaha inanmaq, şəxsi fikirləri din adı ilə şəriətə daxil etmək və s. Lakin “İslam əziz olacaq” sözünü onların iddia etdikləri mənada ələ almalı olsaq, onda Əbu Bəkr, Osman, İmam Əli, İmam Həsən, Muaviyə və Yəzidin də xilafəti rədd olunmalıdır. Çünki, Bəni-Haşim də daxil səhabələrin bir hissəsi Əbu Bəkrə beyət etməmişdir, Yenə səhabələr toplaşaraq Osman ibn Əffanı öldürmüşdülər, İmam Əli (ə)-ın dövründə isə Cəməl, Siffeyn və Nəhrivan döyüşləri olmuşdur, Müaviyənin (l) dövründə Xaricilərin üsyanları olmuşdur, Yəzidin (l) dövründə də İmam Hüseyn (ə), Abdullah ibn Zubeyr və Mədinə əhalisi üsyan etmişdir. Həmçinin bu hədis bizim müxaliflərə qarşı ən güclü dəlillərimizdən biridir. Belə ki, hədisin açıq nəssinə görə xəlifələr 12-dir. Halbuki Əhli-Sünnətin xəlifə saydıqları kəslər 12-dən çoxdur.

Müxaliflərin xəlifə hesab etdikləri

  1. “Raşidi Xəlifələr” dedikləri 4 xəlifə. (Bəziləri İmam Həsən (ə)-ı da Raşidi xəlifələrdən saymışlar).
  2. Əməvilər.
  3. Abbasilər.
  4. Abbasilərin Misir dövrü.
  5. Osmanlılar.

İndi sayın görək bunlar 12-dən çoxdur yoxsa yox? Təkcə Abbasi xəlifələrini saysaq 12-dən daha artıq olduqlarını görərik. Həmçinin hədisin açıq nəssi ilə xəlifələr Qureyşdəndir (Ərəbdirlər). Lakin bilindiyi kimi Osmanlılar Türkdür. Həmçinin bütün bu xəlifələr dövründə də (onların dediyi mənada) İslam əziz olmayıb. Gündə müharibələr, Xristianların hücumları, Monqolların basqınları, Üsyanlar və s.

Həmçinin Əhli-Sünnəntin mötəbər mənbələrində Cabir ibn Abdullahdan belə nəql olunmuşdur:
“Allaha, Rəsuluna və əmr sahiblərinə itaət etməyin vacib olduğunu bildirən ayə nazil olduğu gün Peyğəmbərdən soruşdum: “Allah və Rəsulunu tanıyırıq, amma əmr sahiblərinin kimlər olduğunu bilmirik. Onlar kimlərdir?” Həzrət belə cavab verdi: “Onlar mənim xəliflərimdir. Onların birincisi Əli ibn Əbutalib, sonra Həsən, sonra Hüseyn, sonra Əli ibn Hüseyn, sonra da “Tövrat”da “Baqir” deyə adlandırılmış Məhəmməd ibn Əlidir. Ey Cabir! Sən onu görəcəksən və gördüyün zaman Mənim salamımı ona yetirərsən. Ondan sonra Cəfər ibn Muhəmməd əs-Sadiq, sonra Musa ibn Cəfər, sonra Əli ibn Musa, sonra Muhəmməd ibn Əli, sonra Əli ibn Muhəmməd, sonra Həsən ibn Əli və ən sonuncusu Allahın yer üzündəki höccəti olacaq və Mənim adımı və künyəmi daşıyacaq olan Həsən ibn Əlinin oğludur.”
( “Yənbiul-Məvaddə” (Qunduzi əl-Hənəfi) s.114, 117, 494.  “Şəvahidut-Tənzil” (Hakim Həskani) c.1, s.148,  “Təfsiri-Kəbir”, (Fəxri Razi) c.3, s.357.  “Fəraidus-Simteyn” (Həmavi) c.1, s.314.  “Müntəxəbul-Əsər” s.101. )

Yenə Əhli-Sünnə mənbələrində belə nəql olunur: “Yənbəul-Məvaddə”, s.440-da və Əllamə Şeyx Muhəmməd ibn Əli əl-Hənəfinin “İthafu-Əhləl-İslam” adlı kitabında ibn Abbasdan belə nəql olunmuşdur: “Nəsəl adında bir Yəhudi Rəsulullahın yanına gələrək: “Ya Muhəmməd! Səndən sonra yerinə oturacaq vəsilrin kimlərdir?” – deyə soruşdu.
Rəsulullah (s): “Mənim vəsim Əli ibn Əbu Talibdir və ondan sonra da onun iki övladı Həsən və Hüseyndir. Sonra da Hüseynin 9 övladıdır.” – buyurdu.
Yəhudi: “Ey Muhəmməd! Onların adlarını mənə söylə” – dedikdə Rəsulullah (s) belə davam etdi: “Hüseyndən sonra oğlu Əli, Əlidən sonra oğlu Muhəmməd, Muhəmməddən sonra oğlu Cə`fər, Cə`fərdən sonra oğlu Musa, Musadan sonra oğlu Həsən, Həsəndən sonra da Allahın höccəti Muhəmməd Mehdidir. Onlar 12 kişidirlər. Övladlarımın 12-cisi qeybə çəkiləcək və gözlərə görünməyəcəkdir. Ümmətim üçün bir zaman gələcəkdir ki, İslam və Qurandan sadəcə bir ad qalacaqdır. Bu Zaman da Allah onun qiyam etməsinə icazə verəcək və İslamı onun əli ilə izhar edəcək və İslama yenidən həyat verəcəkdir”.

Bəli, Bütün dinlər və bütün məzhəblər Onun zühuruna etiqad bəsləyirlər. Lakin Əhli-Sünnət deyir ki, Mehdi hələ doğulmayıb. Bu isə səhih hədislərə (“səqəleyn” hədisinə, “zamanın imamı” hədisinə və “12 imam” hədisinə) ziddir! Çünki, Həzrəti Peyğəmbərimiz demişdir ki, onun Əhli-brytindən olan zamanın imamları qiyamət gününədək Qurandan ayrılmayacaq və Quran olduqca Əhli-beytdən də bir imam, zamanın imamı olacaqdır. Həmçinin 12 nəfərin qiyamətə qədər imam zaman olması onu sübut edir ki, bu 12 nəfərdən biri qeyri-adi şəkildə, Allahın möcüzəsi olaraq uzun ömür sürəcəkdir. Bəli, sonuncu imam Həzrəti Məhdidir (ə.f) və qeybə çəkilmişdir. Allahın əmriylə müəyyən vaxtda zühur edəcəkdir. İnşaəllah!

Həzrəti Əli (ə) “Nəhcül-Bəlağə”-də ki, bir xütbəsində buyurur: “Peyğəmbərinizin Əhli-beytinə baxın, Onların yolunu təkib edin, Onların izləriylə yeriyin. Onlar sizi heç bir zaman doğru yoldan çıxarıb yanlış yola sapdırmazlar. Onlar oturduqda oturun, Qalxdıqlarında qalxın, Onlardan qabağa keçməyin, yoxsa yolunuzu azarsınız, Onlardan geriyə də qalmayın, yoxsa həlak olarsınız.”

Bəli, Allah Rəsulunun (s) İtrəti  (Əhli-beyti) Qədər uca məqama yüksələn kimsə varmı?

Onları (Təthir) pak olaraq vəsfləndirən ayə, onlardan başqa aləmdə hər hansı bir kəsə qismət olmuşdurmu?!  (Əhzab 33)

Möhkəm ayələr onlardan başqa kimin sevgisinin fərz olduğunu bizə hökm etmişdir? (Şura 23)

Uca Allah: “Hamılıqla Allahın ipindən yapışın və ayrılmayın” buyurduqda, Allahın ipindən məqsəd onlar deyildirlərmi?! (Ali İmran 103)

Və “Sadiqlərlə bərabər olun” deyildikdə, sadiqlərdən məqsəd onlar deyildirlərmi?! (Tövbə 119)

Və “Ey iman gətirənlər! Allaha, Rəsuluna və özünüzdən olan əmr sahiblərinə itaət edin” deyildikdə, “Əmr sahiblərindən” məqsəd onlar deyildirlərmi?!  (Nisa 59)

 “Bilmədiklərinizi zikr əhlindən soruşun” deyilən bu ayədə “Zikr Əhlindən” məqsəd yenə onlar deyildirlərmi?!   (Nəhl 43)

Məgər bu ayədə Allahu-təala açıq-aşkar buyurmurmu ki, “Sizin vəliniz, yalnız Allah, Onun Rəsulu və birdə o iman gətirmişlərdir ki, Namaz qılır və rüku halında zəkat verirlər”

“Hər kim Allahı, Rəsulunu və o möminləri öz sahib və başçısı kimi qəbul etsə, (Allahın firqəsindəndir və) şübhəsiz Allahın firqəsi qalibdir.” Bütün hədis və rəvayətlərdə, Rüku Halında zəkat verən şəxsin yalnız Əli (ə) olduğu qeyd olunmamışdırmı?! (Maidə 55-56)

Rəsulullaha təbliğ etməsi üçün təzyiq, təhdid mahiyyətində: “ Ey Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et! Əgər bunu etməsən, (Allahın) risalətini ( sənə həvalə etdiyi Peyğəmbərlik vəzifəsini ) yerinə yetirməmiş olacaqsan..”  Nəhayət Rəsulullah (s) o əmri Qədir-xum səhrasında, 120 min nəfərin hüzurunda Əli (ə)-ı özündən sonra canişin təyin etməklə icra etmədimi?! (Maidə 67)

Və sonra Allah, bu ayəni ona nazil etmədimi ki:  “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi (Əli (ə)-ın xilafətini)  tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim” ( Maidə 3 )

Görmürsünüzmü? Allah, Onların vilayətini açıq-aşkar inkar etməyə qalxan, Rəsulullahın üzünə qarşı bağıraraq: “İlahi, Əgər Muhəmmədin dedikləri doğrudursa, onda mənim başıma bir daş endir !” deyən şəxsin başına necə daş saldı?  Və aşağıdakı ayələr nazil oldu: “Bir nəfər vaqe olacaq əzab barədə soruşdu, o əzab kafirlərə məxsusdur və onu dəf edə biləcək bir kimsə yoxdur. O əzab yüksək dərəcələr sahibi olan (mələklərini göylərə qaldıran) Allah tərəfindəndir !” (Məaric 1-2-3)

Qiyamət günü Onların vilayətindən hər kəs sorğu-sual olunacaqdır. Necə ki, Qurani-kərimdə oxuyuruq: “Onları (o insanları) durdurun, çünki onlar sorğu-sual olunacaqlar.”  Yəni o insanlar Əhli-beyt (ə)-ın vilayətindən sorğu-sual olunacaqlar. (Saffat 24)

Məgər bu ayə Əli (ə)-n vilayətinin haqq olması barədə nazil olmamışdırmı? “(Ya Peyğəmbərim!) Səndən: “(Əlinin imaməti haqqında) O doğrudurmu?”- deyə xəbər alacaqlar. Onlara belə cavab ver: “Rəbbimə and olsun ki, o doğrudur.” (Yunus 53)

Məşhur Əhli-Sunnə alimi Hakim Həskani “Şəvahidut-Tənzil” kitabında bu ayənin təfsirində belə nəql edir: “Məkkə əhli: “Ya Muhəmməd, Əlinin imaməti haqqında söylədiklərin doğrudurmu?” – dedilər. Həzrət Rəsulullah belə buyurdu: “Rəbbimə and olsun ki, Əli Haqqında söylədiklərim doğrudur.”  “Şəvahidut-Tənzi”, c.1, s.267.

“Kim Rəhmanın zikrini (Quranı) görməzlikdən gələrsə, Biz ona şeytanı düçar edərik, onun dostu olar”.

“(Şeytanlar) onları doğru yoldan çıxardar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər”. (Zuxruf 36-37)

“Əgər yer üzərində olanların əksəriyyətinə itaət etsən, onlar səni Allahın yolundan azdırarlar”. (Ən`am 116) Sair məzhəblərin ardıcıllarının çoxluğuna aldanmayın! İmam Sadiq (ə) “İhdinəs-Siratəl mustəqim” ayəsinin təfsirində buyurur: “And olsun Allaha “Siratəl Mustəqim”dən (doğru yoldan) məqsəd biz Əhli-beytik.”

“Siz bilə-bilə haqqı batillə qarışdırmayın, haqqı gizlətməyi.” (Bəqərə 42)

Çox şükür indiyədək haqqı batillə qarışdırmadıq və haqqı gizlətmədik, bundan sonra da gizlətməyəcəyik!

“Bu dünyada kor olan axirətdə də kor olar və doğru yoldan daha çox azar!” (İsra 72)

Çox şükür ki, həm gözümüz, həmdə qəlbimiz korlaşmayıb, bizə doğru yolu göstərən Rəbbimə şükürlər olsun!

“Onlara Allahın göndərdiyinə tabe olun! – deyildiyi zaman, onlar: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik! – deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə?” (Bəqərə 170)

Çox şükür araşdıraraq, həqiqətləri görərək bu günlərə gəldik. Kor-koranə iman gətirmədik. Biz İslamı Əməvilərdən deyil Əhli-beytdən aldıq və Əhli-beyt (ə)-ın yolu ilə də gedəcəyik! inşaəllah!

Sonda bunu qeyd etmək istəyirəm ki, belə bir kiçik məqalədə 12 imamın haqqında enən bütün ayə və hədisləri yazıb, onları haqqıyla anlada bilmək mümkün deyildir. Onlar Allahı və Peyğəmbərimizi ən yaxşı anlayanlar və ən yaxşı müəllimdirlər. Elmləri də yalnız Allah qatındandır. ONLAR HƏQİQƏTİN İPLƏRİDİR!

Sonda isə Rəsuli-Əkrəm (s)-dan rəvayət olunmuş bu məşhur hədis ilə mövzunu tamamlayıram. Rəsulullah buyurub: “Ey Əli, Mən elmin şəhəriyəm, Sən isə qapısısan, hər kim şəhərə qapıdan deyil də başqa bir yerdən girdiyini söyləsə yalançıdır”.   “Yənbiul-Məvaddə” s.72.  “Fəzilətu Əhləl-Bəyti Rəsulullah”, s.417.  “Mənaqibi-Məğazili”, s.8

Paylaş:
Baxış sayı: 13165

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

12 − 11 =